Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Girov kağızı haqqında

Posted by maliyye Yanvar 31, 2008

Ə S A S N A M Ə 

I. Ümumi müddəalar 1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar haqqında”, ”Girov haqqında” qanunlara, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə və habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq hazırlanmış və Azərbaycan Respublikasında əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsi, onun tərtib edilməsi və qeydiyyatı qaydalarını müəyyən edir.1.2 Azərbaycan Respublikasında əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsinin dövlət qeydiyyatını və həmin qiymətli kağızların dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) həyata keçirir.

II. Əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsi qaydası

2.1 Əmlakın və hüquqların girovu ilə təmin edilmiş öhdəliklər üzrə girovsaxlayanın hüquqları girov kağızının tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər.

2.2 Girov kağızı – girovqoyanla (o borclu deyilsə), həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı sənədli qiymətli kağızdır.

2.3 Girov kağızının blankı bu əsasnaməyə 1№-li əlavədə göstərilmiş vahid nümunədə QKDK-dan bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər tərəfindən çap edilir. Girov kağızının blankının ən azı üç qoruyucu xüsusiyyəti olmalıdır.

2.4 Girov kağızı üzrə müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər.

2.5 Girov ilə tə’min olunmuş öhdəliklər üzrə borclu və girovqoyan girov kağızı üzrə cavabdeh şəxslərdir. Borclu və girovqoyan həm eyni, həm də ayrı şəxslər ola bilər.

2.6 Girov ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, girov kağızında onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtlər göstərilməlidir.

2.7 Girov ilə tə’min olunmuş öhdəliklər üzrə borc (tələb sahibinin razılığı ilə) başqasına keçdikdə və girovun yeni borcluya aid edilməsinə dair girovqoyanın razılığı olduqda belə razılaşma əvvəlki girov kağızını ləğv etməklə və müvafiq dəyişiklikləri nəzərə almaqla yeni girov kağızının verilməsi yolu ilə yerinə yetirilir.
Bu halda girovsaxlayan QKDK-ya, girovun dövlət reyestrində dəyişikliklərin edilməsi barədə əlavə qeydiyyat ərizəsi ilə birgə əvvəlki və yeni tərtib olunmuş girov kağızını da verməlidir. QKDK yeni girov kağızı ilə təsbit edilmiş girovu əlavə qeydiyyata aldıqdan sonra qanuni sahibinə – girovsaxlayana təqdim edir.

2.8 Əvvəlki girov kağızının ləğv edilməsi onun üzərində iki paralel xətt çəkməklə və xətlər arasında «ləğv edilmişdir» sözləri yazmaqla və girovun dövlət reyestrində müvafiq qeyd etməklə həyata keçirilir.

III. Girov kağızının məzmunu

3.1 Girov kağızının üzərində aşağıdakılar əks etdirilməlidir:

a) sənədin (müqavilənin) adı olaraq “girov kağızı” sözü;
b) girov kağızının nömrəsi və seriyası;
v) tərəflərin (girovqoyan, borclu və ilk girovsaxlayan) adı, ünvanı, hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin VÖEN-i, girovqoyan və borclunun imzaları;
q) girov müqaviləsi və icrası girov ilə tə’min edilən öhdəlikləri rəsmiləşdirən müqavilələrin adı, tarixi, tərtib olunduğu yer və ya girov ilə tə’min edilən öhdəliyin yaranmasına səbəb olan digər əsas;
d) girov ilə tə’min edilmiş öhdəliyin məbləği və faiz dərəcəsi (əgər faiz nəzərdə tutulubsa), yaxud həmin anda bu məbləğin və faizin müəyyən edilməsinə imkan verən şərtlər;
e) girov ilə tə’min edilmiş borc öhdəliyi məbləğinin ödənilməsi müddətinin göstərilməsi, əgər bu məbləğin ödənilməsi hissə-hissə yerinə yetirilməsi nəzərdə tutulursa, onda hər bir müvafiq ödənişin müddətləri və ödənişin məbləği, yaxud bu məbləğlərin miqdarını və ödəniş müddətlərini müəyyənləşdirməyə imkan verən şərtlər (borcun ödənilməsi planı);
j) girova qoyulmuş əmlakın və ya hüququn adı, yeri və təsviri;
z)girov predmetinin girovqoyana məxsusluğunu təsdiq edən hüquqi sənədin adı və bu hüququ qeydiyyata almış orqanın adı, dövlət qeydiyyatına alındığı yer və tarix, əgər girov predmeti girovqoyana məxsus icarə hüququdursa, icarə predmeti olan əmlakın və ya hüququn adı və icarə hüququnun qüvvədə olma müddəti;
i) girovun dövlət qeydiyyatına alınması anınadək girov predmetinin üçüncü şəxsin hüquqları ilə yüklü olmamasının göstərilməsi;;
k) ilkin girovsaxlayana verilmə tarixi.

3.2 Girov kağızında ötürücü yazılar və icra qeydləri ona bərkidilmiş əlavə vərəqdə davam etdirilə bilər.

IV. Girov kağızı ilə təsbit edilmiş girovun dövlət qeydiyyatı qaydaları

4.1 Girov kağızı ilə təsbit edilmiş girovun dövlət qeydiyyatı və əlavə dövlət qeydiyyatı «Bütün növ qiymətli kağızlarla girovun və qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması» Qaydaları əsasında həyata keçirilir.

4.2 Girov dövlət qeydiyyatından keçirilərkən, girov kağızı tərtib edilmədikdə belə, girov müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa dövlət qeydiyyatından keçmiş girov üzrə girovsaxlayan girov hüququnun qüvvədə olma müddətində öz hüquqlarını girov kağızı ilə rəsmiləşdirə bilər. Bu zaman girovsaxlayan ərizə ilə birlikdə, girovun dövlət qeydiyyatı barədə sənədin surətini, habelə doldurulmuş girov kağızını təsdiq etmək üçün QKDK-ya təqdim edir.

V. Girov kağızı üzrə hüququn ötürülməsi

5.1 Girovsaxlayan borclunun razılığı olmadan girov müqaviləsi üzrə öz hüquqlarını girov kağızı ilə başqa şəxsə bu şərtlə güzəşt edə bilər ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Girovsaxlayan tərəfindən təminatlı borc üzrə tələbin girov kağızı ilə başqasına keçirilməsi bu borca görə verilmiş girova da şamil edilir.

5.2 Qanunda və ya girov müqaviləsində başqa hal nəzərdə tutulmamışsa, yaxud tələbin keçməsinin iştirakçıları arasında başqa qayda razılaşdırılmamışsa girova şamil edilən təminatlı borc üzrə tələb başqasına keçdikdə girov kağızı üzrə girovsaxlayanın bütün hüquqları müvafiq surətdə həmin şəxsə keçir.

5.3 Təminatlı borc üzrə tələbin və girovun yalnız bir hissəsinin başqasına keçdiyi halda yeni girovsaxlayan əvvəlki girovsaxlayanla birlikdə köçürülən təminatlı borcun məbləği qədər bu girov üzərində hüquqa və girov kağızı üzrə verilən bütün hüquqlara malik olur.

5.4 Girov kağızı üzrə hüququn ötürülməsi, onun arxa tərəfində başqa şəxsin xeyrinə girov kağızının sahibi tərəfindən ötürücü yazının yazılması yolu ilə edilir və bundan sonra girov kağızı həmin şəxsə verilir.
Ötürücü yazıda girov kağızı üzrə hüquqların ötürüldüyü şəxsin adı dəqiq və tam şəkildə göstərilir. Girov kağızında yazılan ötürücü yazıda bu məlumatlar olmadıqda, və ya tələb edilən şəkildə yazılmadıqda, bu ötürücü yazı əhəmiyyətsiz hesab edilir.
Ötürücü yazı girov kağızının sahibi tərəfindən imzalanmalıdır. Girov kağızının sahibi girov kağızını ötürücü yazı ilə ötürdükdə bu barədə müvafiq məlumatı 3 iş günündən gec olmayaraq QKDK-ya qiymətli kağızlarla bağlı girovun rəsmi reyestrinə daxil edilməsi üçün verməlidir.

5.5 Girov kağızı üzrə hüquqlar girovqoyan və borclunun xeyrinə ötürülə bilməz. Bu məhdudiyyət banklararası kredit bazarında iştirakçılar tərəfindən alınmış qısa müddətli kreditlərin təminatı olaraq, Dövlət Qısamüddətli İstiqrazların girova qoyulmasının girov kağızı ilə rəsmiləşdirilərkən bu girov kağızı üzrə hüquqların ötürülməsinə şamil edilmir.
5.6 Girovsaxlayanla başqa şəxs arasında bağlanmış müqavilə üzrə öhdəliyin təminatı məqsədilə girov kağızı girov qoyula bilər. Girov kağızı girovun predmeti kimi çıxış etdikdə, onun girova qoyulması girov kağızı ilə rəsmiləşdirilə bilməz. Girov kağızının girovunun dövlət qeydiyyatı müvafiq qaydalara uyğun həyata keçirilir.

VI. Girov kağızı üzrə hüququn həyata keçirilməsi və öhdəliyin icrası

6.1 Borc öhdəliyinin tamamilə icrasından 3 iş günü ərzində girovsaxlayan bu barədə müvafiq qeyd etməklə girov kağızını, girov hüququna xitam verilməsi üçün əlavə qeydiyyat ərizəsini və rüsumun ödənilməsi barədə sənədi QKDK-ya verməlidir. QKDK mövcud qaydalara uyğün olaraq girovun əlavə qeydiyyatını həyata keçirir.

6.2 Borc öhdəliyi borclu tərəfindən hissə-hissə icra edilirsə, girovsaxlayan bu barədə girov kağızında müvafiq qeyd aparır.

VII. Məsuliyyət

7.1 Bu Əsasnaməni pozan şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

VIII.Əsasnamənin qüvvəyə minməsi

8. 1 Bu Əsasnamə imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: